Biabrçı mənzərədir: 4 min nəfər itirdik – Ekspert

Biabrçı mənzərədir: 4 min nəfər itirdik – Ekspert

Xəbər verdiyimiz kimi, 8 iyun tarixində keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanında bilik və bacarıqlarını yoxlayan 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

AzerTimes xəbər verir ki, imtahandan kəsilən müəllimlər sualların çətinliyini əsas gətirsələr də, istər Təhsil İnstitutu, istərsə də sosial şəbəkələrdə, pedeqoji qruplarda paylaşılan test sualları “bəraət cəhdlərinin” heç bir əsası olmadığını göstərib.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov saytımıza bildirib ki, imtahandan keçə bilməyən müəllimlərin böyük əksəriyyəti uzun müddət – 15 ildən artıq təhsil sistemində çalışan müəllimlərdir:

“Hazırda müəllimlərimiz 1.6 milyon şagirdə dərs deyirlər. Bu, o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirib. Təsəvvür edin, bu müəllimlər imtahan olunduqları mövzudan hər il özləri dərs deyir, şagirdlərə KSQ, BSQ-lər hazırlayırlar. Yəni belə çıxır ki, müəllimlərin nə öyrətdiklərindən özlərinin xəbəri yoxdur. Bu gün buraxılış və qəbul imtahanının nəticələrindən şikayətlənirik, şagirdlərin göstəricilərindən narazılıq edirik. Çünki onlara dərs deyən müəllimlərin özlərinin kompetensiyaları yüksək deyil. Strateji iki ixtisas var: ibtidai sinif müəllimliyi, yəni uşaqların bilik səviyyəsinin təməlini qoyanlar və onlara öz ana dilini öyrədən Azərbaycan dili müəllimləri. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz onların dövlət məktəblərində müəllim kimi qalmalarında maraqlı olmamalıyıq. Elə düşünməyək ki, 4 min insanı itirdik. Onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı, gənc, enerjili gəncləri daxil edəcəyik. Bu proses davam etməli, növbəti illərdə sərtləşdirilməlidir ki, daha peşəkar müəllimləri sistemdə saxlayaq”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, kəsilən müəllimlərin bir çoxunun diplomunun mənşəyi məlum deyil:

“İbtidai təhsil pilləsi üzrə təhsil verən müəllimlərin əksəriyyəti əsasən orta ixtisas təhsil müəssisəsini bitirənlərdir, bəzilərinin diplomları isə ümumiyyətlə şübhəlidir. Çox əvvəlki tarixlərə, ölkənin yeni müstəqillik qazandığı illərə aid diplomlardır. Dil və ədəbiyyat müəllimlərinin əksəriyyəti isə ali təhsil alıblar. Biabrçı mənzərədir”.

Onun sözlərinə görə, imtahandan lazımi bal toplaya bilməyən müəllimlər üçün nazirlik tərəfindən hər hansı kursun təşkil olunması, təlim keçirilməsi absurddur.

Teqlər: