Bəzi vətəndaşlar şəhid ailələri adından sui-istifadə edərək qanunsuz tikinti işlərinə cəhd edirlər – Abşeron RİH (FOTO)

Şəhid ailələri, qazilər və ümumilikdə Vətən Müharibəsi
iştirakçıları respublikamızın hər bir yerində olduğu kimi Abşeron
rayonunda da dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. Abşeron
Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə
orqanlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı
ilə bu qəbildən olan insanlarla mütəmadi olaraq görüşlər keçirmiş,
problemləri və qayğıları ilə maraqlanmış, onlar tərəfindən
qaldırılan sosial məsələlərin həlli istiqamətində əməli tədbirlər
həyata keçirilmiş və lazimi dəstək göstərilmişdir. Rayon İcra
Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə
işin təşkili şöbəsinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq
cari ilin fevral ayı ərzində RİH və hüquq-mühafizə orqanlarının
rəhbərlərinin iştirakı ilə 23 şəhid ailəsi, 31 qazi və 11 Vətən
Müharibəsi iştirakçısı ilə görüş keçirilmiş, 9 şəhidin mövludu
günündə məzarları ziyarət olunmuş, 4 şəhid övladının da doğum
günündə iştirak edilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi
qazilərinin və veteranlarının yerlərdə işlə təmin olunması məqsədi
ilə rayon ərazisində faəliyyət göstərən sahibkarlarla çoxsaylı
görüşlər keçirmiş, bu kateqoriyadan olan sakinlərimizin bir
qisminin işə cəlb edilməsinə nail olunmuşdur. Hazırda da bu
istiqamətində həyata keçirlən işlər davam etdirilməkdədir.

Bu barədə Abşeron RİH-dən AzerTimes-a bildirilib ki, bütün bunlara
baxmayaraq, bəzi vətəndaşlar şəhid ailələri və qazilərin adından
sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaqlarda, yüksək
gərginlikli elektrik xətlərinin yaxınlığında, eləcə də qanunla
qadağan olunmuş digər ərazilərdə tikinti işləri aparmağa cəhdlər
edirlər. Buna misal olaraq, son günlər Laçın rayon qeydiyyatında
olan 1986-ci il təvəllüdlü Hünbətov Emin İsrəfil oğlu Vətən
Müharibəsi iştirakçısı olmasından sui-istifadə edərək qanunsuz
addımlarını göstərmək olar. Belə ki, E.Hünbətov Ceyranbatan
qəsəbəsi ilə Sumqayıt şəhərinin sərhədində, Bakı-Quba yolunun sağ
və sol tərəflərində 2 (iki) ədəd dəmir konstruksiyalı köşk
quraşdıraraq ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, bir
müddət əvvəl Bakı-Quba yolunun sağ tərəfində Ceyranbatan
qəsəbəsinin ərazisində beynəlxalq əhəmiyyətli avtomobil yolunun
mühafizə zonasında heç bir icazə sənədi olmadan qanunsuz olaraq özü
üçün əlavə bir ədəd köşk də quraşdırmışdır. Beynəlxalq əhəmiyyətli
yolun kənarında hər hansı köşkün quraşdırılmasının yolverilməz
olduğu bildirilsə də E.Hünbətov bununla razılaşmamış, RİH
əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, özünü yandırmaqla
təhdid edərək qanunsuz köşkün götürülməsinə mane olmuşdur. Üstəlik,
əksəriyyəti qadın olmaqla, 30-a yaxın ailə üzvünü və özünün
qanunsuz əməlinə alət etdiyi eyni sayda müharibə iştirakçılarını
əraziyə toplayaraq təxribat xarakterli hərəkətlər etmiş və
magistral yolda avtomobillərin və vətəndaşların sərbəst hərəkətinin
qarşısını almağa çalışmışdır. Onunla dəfələrlə fərdi olaraq
aparılan profilaktik söhbətlər isə nəticəsiz qalmışdır.


Abşeron Rayon İcra Hakimiyəti bir daha bildirir ki, bu kimi
qanunazidd halların qarşısı qətiyyətlə alınacaqdır. Eləcə də rayon
ərazisində yaşayan şəhid ailələri və qazilərə bundan sonra da daimi
olaraq diqqət və qayğı göstəriləcəkdir, onların müraciətlərinin və
problemlərinin qanun çərçivəsində həlli istiqamətində işlər davam
etdiriləcəkdir.

Teqlər: