Xəbər - Çingiz Səfərli – Trend:
Avtomobillərin gecə saatlarında yüksək sürətlə idarə edilməsi, pəncərələri açaraq musiqiyə həddən artıq səs verilməsi və ya nəqliyyat vasitəsinin səs-küyünü artırmaq üçün müxtəlif vasitələrlə ona müdaxilə edilməsi vətəndaşların ciddi narahatlıq və şikayətinə səbəb olur.
Bunu AzerTimes-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu problem xüsusən də Bakıda özünü daha qabarıq şəkildə göstərir:
“Gənc və orta yaşlı şəxslər musiqiyə yüksək səs verib, nəqliyyat vasitəsinin pəncərələrini endirirlər. Yaxud avtomobildən xoşagəlməz səsin artırılması üçün səsboğucuya müdaxilə edir və ya xüsusi düymələr vasitəsilə səsin tonunu artırırlar. Əvvəllər səsboğucuya müdaxilə edirdilər və yol polisi cərimələyirdi, indi alternativ yol tapıblar. Xüsusi qurğulardan istifadə edərək səs effekti yaradırlar. Digər bir məsələ avtomobillərin yüksək sürətlə idarə edilməsidir. Bəzi yerlərdə lüzumsuz yerə avtomobili yükləyib, yüksək manevr edirlər. Nəticədə səs-küy yaranır, bu da ətrafdakı insanların narahatlığına səbəb olur. Həqiqətən bu barədə həm Bakı Nəqliyyat Agentliyinə, həm də Dövlət Yol Polisi İdarəsinə çox sayda şikayətlər daxil olur. Xüsusən, bu hallar yay mövsümündə baş verir və vətəndaşlar bəzi sürücülərindən əlindən evdə pəncərələrini açıq qoyub rahat yata bilmirlər”.
Ekspert bildirib ki, bu əslində qanunla qadağandır və belə sürücülər cərimələnməlidir:
“İnsan hər şeydən zövq ala bilər, o cümlədən avtomobildən də. Amma ətrafdakı insanlar üçün heç də xoş deyil. Bu, qanunla qadağan olunan məsələdir. Avtomobilin səsboğucusu ilə bağlı çox ciddi problemlərimiz var. Qanunla 84 dB. səsə icazə verilir, lakin daha yüksək səs çıxaran qurğulardan, siqnallardan istifadə edildiyinin şahidi oluruq. Bu barədə dəfələrlə xəbərdarlıqlar olunub, lakin bəzi sürücülər təəssüf ki, buna əməl etmək istəmirlər. Hətta bəzən özləri şikayət edirlər ki, səsboğucuda guya özlərinin də xəbəri olmadan deşik açılıb. Normal sürücü səsi dərhal anlayır. Şikayət edənlərin əksəriyyəti ilə bağlı araşdırma aparılarkən məlum olur ki, özü hansısa ustaya müraciət edərək qaynaq vasitəsilə deşik açdırıb. Bütün dünya avtomobilin daha səssiz, daha rahat işləməsi üçün çalışır. Bu istiqamətdə texnologiyalar tətbiq edirlər. Lakin Azərbaycana gəlib çatanda maşının başına elə oyun açırlar ki, istehsalçı özü həmin nəqliyyat vasitəsini görəndə dəhşətə gəlir”.
Elməddin Muradlı onu da əlavə edib ki, bu hallarla təkcə yol polisi deyil, post patrul xidmətinin əməkdaşları da mübarizə aparmalıdırlar:
“Təəssüf ki, bizim bəzi gənclərimiz və orta yaşlı sürücülərimiz çox çürük düşüncələrin arxasınca gedir. Hansısa faydalı bir iş üçün 20 manat verməz, amma avtomobilin səsini artırmaq üçün 200-300 manat xərcləyir. Digər tərəfdən baxırsan ki, avtomobil lizinqdədir, banka kredit ödəyir, amma gedib maşına mal-heyvan səsi çıxaran siqnal qoydurur, nə bilim bahalı nömrə həvəsinə düşür. Təbii ki, bu cür xəstə təfəkkürlü insanlar narahatlıq yaradır. Düşünürəm ki, bu halların qarşısının alınması üçün yol polisi əməkdaşları ilə yanaşı post patrul və çevik polis alayının da xidmətləri olmalıdır. Çünki polis əməkdaşları ictimai asayişin qorunmasına cavabdeh olan şəxslərdir. Əgər belə problemləri görürlərsə, yol polisinin həmin sürücünü saxlamağını gözləməməli, yerində müvafiq tədbir görməli, xəbərdarlıq etməli, lazım gələrsə yol polisi əməkdaşlarını çağırıb aidiyatı üzrə təhvil verməlidirlər”.
Twitter:@cingizsafarli