Keçən il həm Gürcüstan daxilində, həm də xaricindəki müəyyən qüvvələr bir neçə dəfə ölkədə hakimiyyətin zorakı yolla devrilməsi üçün zəmin hazırlamağa çalışıblar.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili iyunun 12-də parlamentdəki çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2023-cü ildə dəfələrlə müxtəlif aktorlar tərəfindən siyasi vəziyyəti gərginləşdirmək və hakimiyyəti zorla devirmək üçün zəmin hazırlamaq cəhdləri qeydə alınıb. Zəruri qabaqlayıcı tədbirlər nəticəsində dağıdıcı proseslərin inkişafının qarşısı alınıb.
Xidmət rəhbəri qeyd edib ki, buna cəhd edən qüvvələr həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda olub. Hökuməti devirmək planlarını həyata keçirmək üçün onlar “resursları səfərbər etməyə” çalışıblar.
Q.Liluaşvili onu da bildirib ki, Gürcüstanda xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri milli azlıqlar arasında mövqelərini gücləndirmək, o cümlədən milli və dini zəmində münaqişələrin qızışdırılması da daxil olmaqla, onlardan mövcud hakimiyyətə qarşı istifadə etmək olub.