Xəbər - Fərid Zöhrabov -Trend:
Bakıda 8 Noyabr – Zəfər Günü tədbiri möhtəşəm təşkil olunmuşdu. Tədbirin təhlükəsiz təşkil olunmasında yol polsinin üzərinə də böyük məsuliyyət düşürdü. Ümumilikdə, polis ictimai asayişi həmişəki kimi ən yüksək səviyyədə peşəkarlıqla təmin etdi. Bəzi xoşagəlməz anlar da yaşandı. Belə hallar bütün dünyada baş verir.
Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, bəzi sürücülərin məsuliyyətsiz davranışların çıxsaq, hər şey qaydasında idi: “Lakin bəzi qazilər statusundan sui-istifadə etməyə çalışırlar. Biz qazilərimizlə fəxr edirik. Hamımız bilirik ki, torpaqlarımızın erməni işğalından azad edilməsi şəhidlərimizin, qazilərimizin qanı hesabınadır. Amma bəzi qazi adı daşıyanlar davranışları ilə öz şərəfli adına kölgə salmış olurlar. Biz hüquqi dövlətdə yaşayırıq. Hamı qanun qarşısında bərabərdir. Bütün vətəndaşlarımız, o cümlədən bəzi qazilərimiz başa düşməlidir ki, onların yol hərəkəti qaydalarını pozması təkcə onun deyil, digər yol hərəkəti iştirakçılarının da həyatı üçün təhlükə yarada bilər”.