“Beynəlxalq Tolerantlıq Günü” münasibətilə “Tolerantlığın Zəfəri” adlı konsert proqramı təşkil edilib (FOTO/VİDEO)

Noyabrın 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Vineyard Azərbaycan” Xristian Dini İcması 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Tolerantlığın Zəfəri” adlı konsert proqramı təşkil edib.

Tədbirdə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalarının rəhbərləri və üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Proqramın rəsmi hissəsində dəvət edilmiş qonaqlar çıxış edib, həmçinin, ölkəmizdəki tolerantlıq nümunələri ilə bağlı hazırlanmış sosial çarxlar və filmlərin nümayiş etdirilib. Rəsmi hissədən sonra təşkil edilən konsert proqramında “Aghayev Group”-un rəhbəri Kamran Ağayevin təşkilatçılığı altında bədii hissənin açılışını respublikanın əməkdar artisti Aygün Bəylər edib. Ardından bir çox tanınmış və sevilən gənc müğənnilər o cümlədən də əməkdar artist Teymur Əmrah da ifa edərək milli dini həmrəyliyimizin zəfərini təbrik edib.

Konsertdə, o cümlədən “Vineyard Azərbaycan” Xristian Dini İcmasının həmd qrupunun rəhbəri Səbinə Pənahova da qələbəmiz üçün bəstələdiyi “Qələbə Bayrağı” adlı mahnısını səsləndirərək qələbəmizi təbrik edib. Konsert bir sıra rəqs kompozisiyaları ilə də yadda qalıb. Rəqslərin quruluşçuları respublikanın Xalq Artisti Cəmilə Bayramova, Səbinə İsmayılova, həmçinin də “Alov” rəqs ansamblının rəhbəri Emil Pənahovdur.


Onu da xatırlatmaq istərdik ki, Emil Pənahov həmçinin də “Vineyard Azərbaycan” Xristian Dini İcmasının rəhbəri və bu tədbirin təşkilatçılarından biridir. Bu vətənpərvərlik ruhunda ifa edilən mahnı və rəqslərdən ziyadə konsert Azərbaycanda olan yəhudi, xristian və müsəlman icmalarının rəhbərlərinin birlikdə Azərbaycan dövləti və milləti üçün etdiyi dua ilə də yadda qaldı. Bu bir daha sübut edir ki, Azərbaycan dövlətində tolerantlıq konsepti dünyaya nümunə olacaq bir tərzdədir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Teqlər: