Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş vebinar keçirilib.

Aİİ-dən AzerTimes-a bildirilib ki, “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan vebinar Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə baş tutub.

Aİİ rektoru, dosent Aqil Şirinov tədbirdə açılış nitqi ilə çıxış edərək, tərcümə fəaliyyətində mövcud vəziyyət və problemlər haqqında fikirlərini bölüşüb. A. Şirinov dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olduğunu diqqətə çatdıraraq, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək üçün tərcümənin keyfiyyətinin vacibliyini vurğulayıb.

Aİİ rəhbəri daha sonra bildirib ki, ilk dövrlərdə ərəb, fars, türk dillərindən tərcümə olunan dini mətnlərdə dil normalarında problemlər mövcud olub. A.Şirinov İlahiyyat İnstitutu tərəfindən nəşr olunan “İzahlı dini terminlər lüğəti”nin hazırda bu sahədə ədəbiyyatların tərcüməsinə kömək edəcəyini bildirib.

Aİİ rektoru mərhum akademiklər V.Məmmədəliyev və Z.Bünyadovun tərcümə etdikləri Qurani-Kərimin mükəmməlliyini qeyd edərək, onların ərəb dili ilə yanaşı, Azərbaycan dilinin normalarına yaxşı bələd olduqlarını vurğulayıb.

Bakı Dövlət Universiteti (BDU) Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov “Ərəb dilində təsvir-ifadə vasitələri və onların tərcümədə rolu” mövzusunda çıxış edib. O bildirib ki, tərcümə zamanı ərəb dilində təsvir-ifadə vasitələri fikrin və ya ifadənin emosionallığını artırmaq məqsədilə istifadə olunur. Məruzəçi mövzu ətrafında müxtəlif nümunələr gətirərək, tərcümə ediləcək məqamlara diqqət çəkib.

Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin dekanı fil.f.d., dos. Bənövşə Məmmədova “Tərcümə sahəsində mövcud vəziyyət: problemlər və perspektivlər” mövzusunda çıxış edib. Məruzəçi mövzu ətrafında bir çox problemə toxunub və onların həlli yolları haqqında məlumat verib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəis müavini İlqar Qarayev “Hüquqi mətnlərin tərcüməsinin spesifik xüsusiyyətləri: təcrübə və problemlər” mövzusunda məruzə edib. İ. Qarayev hüquqi mətnlərin tərcüməsində ortaya çıxan problemlərə diqqət çəkib. Bildirib ki, hüquqi mətnlərin tərcüməsi zamanı məna baxımından deyil, sözbəsöz tərcüməyə diqqət edilməlidir. Bu zaman təkrar olunan sözlər tərcüməyə problem yaratmır.

Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov “Azərbaycan və ərəb dilləri üzrə qarşılıqlı tərcümə prosesi: nəzəriyyə və təcrübə müstəvisində” mövzusunda çıxış edib. İ.Əlimuradov nümunələr gətirərək, mövzuya aydınlıq gətirməyə çalışıb. O qeyd edib ki, ərəb dilindən Azərbaycan dilinə və ya əksinə tərcümə olunduğu zaman, dilimizdə mövcud olan ərəbmənşəli sözlərin istifadəsinə diqqət edilməlidir. Belə ki, bu sözlər ərəb dilində heç də hər zaman eyni mənanı ehtiva etmir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisi, Türkiyə və Kipr üzrə koordinator, fil.f.d. Kəmalə Ələkbərova “Oxşar dillərdə tərcümə problemləri” mövzusunda məruzə edib. Məruzəçi çıxışında qeyd edib ki, bu problemlər, əsasən, kütləvi informasiya vasitələrində, ədəbiyyatların, dərsliklərin tərcüməsində özünü büruzə verir.

Teqlər: