İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan beynəlxalq səyyahlar səyyahlar qrupu fevralın 5-də Kəlbəcərə gəlib, rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.
AzerTimes xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.
Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETİC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.
Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.
Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də səyyahların azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.
Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Xarici səyyahlar 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.