Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 8 mart tarixində saat 20:00-da “Nizami Gəncəvi İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların ölkənin mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə təşkil olunur.

Azərbaycan qadını tarix boyunca öz müdrikliyi, dərin zəkası, elm, təhsil, mədəniyyət və digər sahələrə verdiyi töhfələrlə respublikamızın həyatında mühüm rol oynamış, Şərqin ilk demokratik respublikasında seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Müasir dövrdə demokratik cəmiyyətin inkişafında da Azərbaycan qadınının rolu böyükdür.

Sərginin virtual ekspozisiyasında rəssamların müxətlif mövzu və janrda işlədiyi əsərləri nümayiş etdiriləcəkdir.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini özünün sosial media hesabları vasitəsilə izləməyə dəvət edir.

Teqlər: