Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Bakıda səfərdədir (FOTO)

Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Yanne Holst Hübner və Assosiasiyanın üzvü-Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru Klaus Risbcergin ölkəmizə işgüzar səfəri davam edir.

AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda olarkən qurumun fəaliyyəti ilə tanış olublar.

Daha sonra Bakının müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzi ziyarət edilib. Dünyanın nadir memarlıq nümunələrindən biri olan və çoxfunksionallığı ilə seçilən Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə, habelə Azərbaycanın tarixi və mədəniyyət nümunələri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Növbəti gün BPA-nın nümayəndə heyəti Gəncə şəhərinə səfər edərək Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunduğu qonaqların diqqətinə çatdırılmaqla, dünya şöhrətli dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinə Gəncə şəhərinin nadir tarixi və memarlıq, eləcə də dini abidələri nümayiş etdirilmiş, eyni zamanda qonaqlar raket zərbələri nəticəsində dağıdılmış ərazilərlə yerində tanış oublar.

Həmçinin, nümayəndə heyəti Gəncə şəhər prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olmaqla gənc prokurorluq əməkdaşları ilə də görüşüblər. Hazırda səfər davam edir.

Teqlər: