Beynəlxalq narkoşəbəkə üzvlərindən 72 kiloqram narkotik aşkarlanıb – DİN (FOTO/VİDEO)

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi
əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri
qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata
keçirən daha iki nəfər saxlanılıb.

DİN-dən AzerTimes-a bildirilib ki, nəticədə qanunsuz dövriyyədən 72
kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 1427 ədəd
psixotrop tərkibli həb çıxarılıb.

Belə ki, Baş İdarəyə Masallı rayon sakinləri Ramiz İbadov və
tanışı Cavidan Əlizadənin ölkə ərazisində narkotik vasitələrin
qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan olmaları
barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər
əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri
əməliyyat-texniki tədbirlərlə ifşa edilib. Həmin şəxslər
qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda
narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə qəbul
edib paytaxt ərazisində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman
Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində
saxlanılıblar. Onların üzərinə, həmçinin yaşayış ünvanlarına, eləcə
də Ramiz İbadovun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı
ümumilikdə 72 kiloqram, o cümlədən 50 kiloqram heroin, 22 kiloqram
metamfetamin 1427 ədəd narkotik tərkibli dərmanlar aşkar edilib.
Qeyd edək ki, narkotik tərkibli dərmanların bir hissəsi maye
formasında olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində
təqsirli bilindikləri üçün saxlanılan hər iki şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Beynəlxalq
narkoşəbəkənin üzvləri olan bu şəxslərin xaric və ölkə daxilindəki
dayaqlarının müəyyən edilməsi istiqamətində əməliyyat-texniki
tədbirlər davam etdirilir.

Teqlər: