Xəbər - Fərid Zöhrabov – Trend
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 2021-ci il ərzində ölkənin xarici siyasət məsələlər, xüsusilə post-münaqişə dövrü və yeni əməkdaşlıq imkanlarının təhlili, Azərbaycan həqiqətlərinin dünya və yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirib.
Trend xəbər verir ki, fəaliyyət əsasən qapalı və açıq hesabatların hazırlanması, yeni əməkdaşlıq əlaqələrinin qurulması, aktual mövzulara dair qapalı və açıq tədbir və vebinarların keçirilməsi, xarici mediada çıxışlar və məqalələrin dərc olunması, yerli yazılı mediada və efirlərdə çıxışlar və sosial mediada aktiv olmaq istiqamətində qurulub. İl ərzində 120-dən çox daxili və 40-a yaxın publik arayış və hesabatlar hazırlanıb. Açıq hesabatlara dair xüsusilə “Ermənistanda azərbaycanofobiya: Ermənilərin müharibədən əvvəlki və sonrakı diskursunda nifrət nitqi”, “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr”, “Ermənistanın Azərbaycana məxsus mədəni və tarixi irsi mənimsəməsi”, “Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat və kommunikasiya xətlərinə təsiri”, “Ermənistanda PKK: PKK terrorçularının Azərbaycanla Ermənistan arasındakı müharibəyə cəlb olunması” kimi hesabatların adlarını çəkmək olar.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ingilisdilli nəşri olan və ildə iki dəfə buraxılan Caucasus Stratejic Perspective Jurnalının il üçün 1-ci sayı yayda çıxıb və 2-cisi tezliklə işıq üzü görəcək.
Bu il ərzində BMTM bir sıra kitablar və jurnallar nəşr etdirib və bır sıra kitabların bölmələri Mərkəz əməkdaşları tərəfindən yazılıb. Bu baxımdan Türkiyənin “Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vaqfinin (SETA) hazırladığı “Dalandan çözümə: Qarabağ problemi” kitabınıın 3 bölməsi Beynəlxalq Münasibətlərin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Cavid Vəliyev və baş məsləhətçisi Vasif Hüseynov tərəfindən yazılıb. İyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kitabı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. Bununla yanaşı ADA Universiteti tərəfindən dərc edilmiş “Liberated Karabakh” (“Azad edilmiş Qarabağ”) kitabının iki yazarı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və üzvü Gülşən Paşayevadır.
Həmçinin bu il F.Şəfiyevin “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” adlı kitabı, Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsaiti, Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsovun “2020-ci ildə Qarabağ uğrunda müharibə: bir il sonra” və Qafar Çaxmaqlının müəllifi olduğu “Erməni ideologiyasında irqçi motivlər” adlı kitab işıq üzü görüb.
2021-ci ilin yanvar-dekabr aylarında BMTM əməkdaşlarının The National Interest”, “Euractiv” “Foreign Policy News” “Jamestown Foundation”, “ “Vesti Kavkaza”, “Yeni Şafak”, “Anadolu Agentliyi” “Eurasia Review” “The London Post” The Tribune”, “Common space”, “Daily Sabah” “İsrael Hayom”, “Aljazeera” və “EUReporter” kimi nüfuzlu nəşrlərdə 116 məqaləsi dərc olunub. 40-dan çox məqalə ispan və italyan dilli xarici mediada təkrar çap edilib. Məqalələr xüsusilə 44 günlük müharibədən sonra regionda vəziyyət, yaranmış iqtisadi imkanlar, Covid-19 pandemiyası, Qoşulmama Hərəkatı, enerji və digər məsələlərə həsr olunub.
İl ərzində BMTM tərəfindən 11 vebinar və 13 təqdimat, dəyirmi masa, seminar və digər tədbirlər keçirilib. Tədbirlərdən xüsusilə aprelin 11-13-də BMTM və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda 3 günlük konfransı, noyabrın 19-da Rusiya Beynəlxalq Məsələlər Şurası ilə birgə Azərbaycan- Rusiya Ekspert Şurasının ilk iclasını və vebinarlardan “İkinci Qarabağ müharibəsi və minalar” adlı tədbiri xüsusilə qeyd etmək olar.
Mərkəz il ərzində 8 beyin mərkəzi ilə anlaşma memorandumu imzalayıb, bununla da memorandumların sayı 30-a çatdırılıb.
Həmçinin bu müddət ərzində BMTM heyəti “TRT World”, “Aljazeera”, “A Haber”(“Anews”), “Anadolu Agentliyi”, kimi beynəlxalq media orqanlarına və Azərbaycanda fəaliyyət göstərən media vasitələrinə 350-dən çox müsahibə verib və verilişlərə qatılıb. Mərkəz əməkdaşlarının Azərbaycan mediasında 21 məqaləsi dərc olunub.
BMTM 2021-ci ildə sosial şəbəkələrdə də fəaliyyətini aktiv şəkildə davam etdirib. Mərkəzin fəaliyyəti ilə daha ətraflı www.aircenter.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.