Beynəlxalq mübadilə proqramlarını uğurla başa vurmuş Gömrük Akademiyasının tələbələrinə sertifikatlar təqdim edilib (FOTO)

2021/2022-ci tədris ilinin payız semestri ərzində beynəlxalq
mübadilə proqramlarını uğurla başa vurmuş tələbələrə sertifikatlar
təqdim edilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük
xidməti general-mayoru Qulu Novruzov çıxış edərək təhsil sahəsində
beynəlxalq əməkdaşlığın təhsilin keyfiyyətini artırmaqla yanaşı,
dövlət və özəl idarələrin də savadlı və bacarıqlı kadrlarla təmin
edilməsinə şərait yaratdığını qeyd edib. Qulu Novruzov Akademiyanın
tələbələrinin dünyanın ən qabaqcıl ölkələrində təhsil almalarının,
müəyyən kurslar keçmələrinin onların bilik və savadlılığında özünün
müsbət təsirini açıq şəkildə göstərdiyini xüsusilə vurğulayıb.

Daha sonra Akademiya rəisi Çin Xalq Respublikasının Şanxay
Gömrük Kollecinin və Litvanın Mikolas Romeris Universitetinin
beynəlxalq mübadilə proqramlarını uğurla başa vurmuş tələbələrə
sertifikatlar təqdim edərək onları təbrik edib və gələcək
təhsillərində uğurlar arzulayıb.

Tədbirin sonunda proqram iştirakçıları mübadilə proqramı ərzində
əldə etdikləri təcrübələrini və təəssüratlarını bölüşərək Akademiya
rəhbərliyinə yaradılan imkana görə öz təşəkkürlərini
bildiriblər.

Qeyd edək ki, Akademiya savadlı və təcrübəli mütəxəssis və kadr
hazırlığına xüsusi diqqətlə yanaşır və beynəlxalq əməkdaşlığın
inkişafı vasitəsilə bu cür proqramların davamlı keçirilməsi və
sözügedən proqramlarda tələbələrin geniş iştirakının təmin edilməsi
istiqamətində mühüm addımlar atır.

Teqlər: