Beynəlxalq konfrans başa çatıb, 700-ə yaxın tədqiqatçının elmi araşdırmasının nəticələri ictimaiyyətə təqdim olunub

İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı başa çatıb.

“Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan və 4 gün davam edən konfransda 35 ölkədən olan 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 510 elmi araşdırmanın nəticələrinin onlayn rejimdə müzakirəsi təşkil olundu. Məruzə seksiyaları ilə yanaşı, dünyanın müxtəlif ölkəsindən, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin, universitetlərin, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan 16 “workshop”, 26 xarici tədqiqatçının, eləcə də elmi fəaliyyətlərini dünyanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin və Azərbaycan alimlərinin aktual və ciddi iqtisadi mövzuları əhatə edən məruzələri dinlənildi.

“Ağıllı və dayanıqlı şəhərlər”, “Azərbaycanda postmüharibə dövründə məşğulluq və investisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar”, “IV Sənaye İnqilabı”, “Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulası” və digər mövzularda təşkil olunan seminarlar (workshop) UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalında canlı yayımlanaraq müzakirə edildi və geniş ictimaiyyətə təqdim olundu.


Konfransa göndərilmiş məruzələrdən seçilmiş tədqiqat işləri dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaq. Seçilmiş məruzələrin bəziləri isə kitab halında beynəlxalq nəşriyyatda dərc olunacaq və həmin kitabın elektron versiyası dünyanın nüfuzlu Harvard Universiteti, Oksford Universiteti, Yale Universiteti, Stanford Universiteti, Kolumbiya Universiteti, Toronto Universiteti, Çikaqo Universiteti, Royal Danish Library, Duke Universiteti, British Library, Biblioteque Nationale de France kimi ali təhsil müəssisələrinin kitabxana kataloqlarında yer alacaq. Əlavə olaraq, konfransda təqdim olunmuş məruzələrin dünyanın nüfuzlu indeksli və yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunması nəzərdə tutulub.

Xatırladaq ki, konfransın açılışı iyunun 4-də Gəncə şəhərində baş tutmuşdu.

Teqlər: