Ermənistan hakimiyyəti beynəlxalq humanitar hüquq qaydalarına yenə də əməl etmir, 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşmənlərdən azad etdiyi torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən imtina edir. İşğaldan azad edilmiş ərazilər uzun illər Ermənistan tərəfindən sistemli qaydada minalanıb.
Beynəlxalq humanitar hüquqa əsasən mülki əhalinin hüquqları kobud şəkildə pozan Ermənistan hərbi cinayətlərini davam etdirir, eyni zamanda beynəlxalq öhdəlikləri yerinə yetirməkdən imtina edir. Əslində, Ermənistan dünyanın gözü qarşısında Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətini davam etdirir. Çünki minalanmış sahələrin xəritələrini Azərbaycana verməməklə Emənistan dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə məhkum edir. 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatdan keçən aylar ərzində Azərbaycan vətəndaşları- hərbi qulluqçular və mülki şəxslər Qarabağdakı mina partlayışlarının qurbanı olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ötən il sentyabrın 27-dən etibarən həyata keçirdiyi mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatı nəticəsində 16 milyon kvadratmetrdən artıq ərazi yoxlanılıb, piyada və tank əleyhinə 10000-ə yaxın mina, çoxsayda partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi dövlətimiz üçün hal-hazırda prioritet istiqamətdir və bərpa prosesinin, Böyük Qayıdışın vacib bir hissəsidir. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir, Yalnız minalar təmizləndikdən sonra Qarabağda həyat canlana bilər, infrastruktur, məktəblər, xəstəxanalar yaradıla bilər. Aparıcı dövlətlər, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə daha çox diqqət yetirməli, Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməli, Ermənistanı minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir.
Dünya ictimaiyyəti 44 günlük müharibədə Erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklərin həddi-hüdudu olmadığının şahidi oldu. İllərdir düşmən tapdağı altında qalan torpaqlarımız, şəhər, rayon, kənd və qəsəbələrimiz erməni vandalları tərəfindən darmadağın edildi, infrastruktur, tarixi, mədəni, dini abidələrimiz dağıdıldı, ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edildi, dinc sakinlər qətlə yetrildi. Çox təəssüflər olsun ki, hələ də Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi müharibə cinayətlərini davam edir.
Mərd, igid əsgərlərimizlə üzbəüz döyüşdə aciz olan erməni vandalları döyüş meydanında ardıcıl olaraq aldıqları zərbənin heyfini 30 il ərzində işğal altında saxladıqları ərazilərə yerləşdirdikləri minaların, partlamamış mərmilərin xəritəsini verməməklə çıxırlar. Dinc əhalini, qocanı, körpələri, azyaşlıları hədəfə götürməkdən çəkinməyən gözünü qan örtən erməni vandallarının minaladıqları ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi 30 il əvvəl əzəli-əbədi torpaqlarından zorla məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışının təhlükəsizliyinə ciddi zərbə olmaqla yanaşı hərbi cinayətdir. Ermənistanın Azərbaycan tərəfinin daha çox insan itkiləri verməsinə çalışması, erməni faşizminin növbəti təzahürüdür.
Pərvin Kərimzadə,
Milli Məclisin deputatı