Beynəlxalq ətraf mühit təəssübkeşləri Ermənistanın ekoloji terroruna etinasız yanaşırlar – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilməlidir. Çox təəssüf ki, bu vaxta qədər beynəlxalq ekoloji təşkilatlar, ətraf mühitin qorunması üçün “canfəşanlıq” edən qurumlar Ermənistanın ekoloji terroruna səssiz qalıblar.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə də Qərb ölkələrindən olan biznes qurumlarının olması təəssüf doğurur: “Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti tərəfindən Oxçuçaya çirkab axıdılması Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb. Çox təəssüf ki, Azərbaycan mediası tərəfindən Almaniya səfirinə edilən müraciətə qeyri-adekvat münasibət göstərilib, səfirin cavabı isə sadəcə olaraq məsələni ört-basdır etməyə və diqqəti şirkətin üzərindən yayındırmağa yönəlib.

Ətraf mühitin qorunması ilə bağlı “canfəşanlıq” edən, özünü təbiətin mühafizəçisi kimi qələmə verən “Yaşıllar Partiyası” isə daha qərəzli və etinasız mövqe nümayiş etdirərək Azərbaycana ayrılacaq vaxtlarının olmadığını bildirib. Bu cavabla partiya özünün əsl simasını ortaya qoymuş olub. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, başqa vaxt hər hansı kiçik bir ekoloji hadisəni böyüdüb onun ətrafında müxtəlif kampaniyalar quran beynəlxalq təşkilatlar nədənsə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ekoloji terrora məruz qalmasına laqeyid və etinasız münasibət sərgiləyirlər”.

S.Mikayılova əlavə edib ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə təbiətə qarşı da vandalizm nümayiş etdirib: “Həmin ərazilər işğaldan azad olunduqdan sonra Azərbaycan dərhal ekoloji terrorun ağır fəsadlarını aradan qaldırmaq üçün işlərə başlayıb, lakin ermənilərin törətdiyi ekoloji terrorun miqyası o qədər böyükdür ki, onun aradan qaldırılması uzun zaman tələb edir.

Bu gün də Ermənistanın təbiətə qarşı amansız münasibəti davam etməkdədir. Oxçuçayın çirkləndirilməsi bölgədə ekoloji vəziyyəti daha da gərginləşdirir. Belə ki, Zəngilan rayonu erməni işğalından azad olunduqdan sonra 2021-ci ilin yanvar-mart aylarında ekoloqlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Oxçuçayda suyun tərkibində yüksək miqdarda ağır metallar, o cümlədən mis, molibden, manqan, dəmir, sink və xrom mövcuddur. Bu cür ağır metallar və çirklənmə flora və faunaya ciddi zərər vurmaqla yanaşı, insan həyatı üçün də xüsusi təhlükə yaradır. Burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Müvafiq beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Ermənistana ciddi təzyiq göstərməli və onu ekoloji balansın qorumasına lazımi şərait yaratmağa vadar etməlidirlər”.

Teqlər: