“Bakı Enerji Həftəsi” tədbiri çərçivəsində ölkəmizdə səfərdə
olan Beynəlxalq Enerji Forumunun baş katibi Josep McMonigle ilə
Energetika Nazirliyində görüş keçirilib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda liberal
enerji bazarının formalaşdırılması, bu sahədə qanunvericilik
bazasının təkmilləşdirilməsi və enerji keçidi prosesi haqqında
danışaraq, “yaşıl” enerjidən istifadənin genişləndirilməsi
sahəsində görülən işlər, xüsusilə işğaldan azad edilmiş ərazilərin
bərpa olunan enerji potensialından istifadə istiqamətində qəbul
edilmiş strateji hədəflər və atılmış addımlar haqqında məlumat
verib. Hazırda enerji sahəsində baş verən dəyişikliklərin həm
ölkələr arasında, həm də ölkələrlə beynəlxalq təşkilatlar arasında
əməkdaşlığı tələb etdiyi vurğulanıb.
“Bakı Enerji Həftəsi”ni dünyada enerji sektorunda çətinliklərin
yaşandığı belə bir vaxtda maraqlı tərəfləri bir araya toplayan
beynəlxalq platforma kimi qiymətləndirən Baş katib Josep McMonigle
dəvətə görə təşəkkür edib. Təmsil etdiyi təşkilatın fəaliyyət
istiqamətləri və digər beynəlxalq qurumlardan fərqləri haqqında
danışıb.
Görüş zamanı Azərbaycanın təşkilata üzvlüyü məsələsi ətrafında da
fikir mübadiləsi aparılıb.