Beynəlxalq Biznes Forumu Qarabağa investisiya cəlbinə xidmət edəcək – Mikayıl Cabbarov

Xəbər - Sədrəddin Ağcayev – AzerTimes:

Beynəlxalq Biznes Forumu (IBF) Azərbaycanın azad edilmiş ərazilərində layihələrin reallaşdırılması üçün investisiyaların cəlb olunmasına xidmət edəcək.

AzerTimes-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda 25-ci IBF Forumu zamanı deyib.

M.Cabbarovun sözlərinə görə, bu forum ölkənin investisiya cəlbediciliyinin artırılması, kiçik və orta biznesin inkişafı üçün əlverişli platformadır.

“Eyni zamanda, forum Azərbaycanın azad edilmiş ərazilərində layihələrin reallaşdırılması üçün investisiyaların cəlb olunmasına xidmət edəcək”, – deyə nazir bildirib.

Nazir deyib ki, hazırda azad edilmiş ərazilərdə bərpa işləri yüksək sürətlə davam edir:

“Biz Qarabağda sənaye parkları kimi iri layihələri reallaşdırırıq. Bu, regionun investisiya cəlbediciliyinin artmasına kömək edəcək”, – M.Cabbarov vurğulayıb.

O əlavə edib ki, növbəti beş ilin inkişaf strategiyasına uyğun olaraq Azərbaycanda özəl sektorun inkişafına xidmət edəcək layihələr reallaşdırılacaq.


“Həmçinin, bu strategiya çərçivəsində biz xarici şirkətləri və investorları ölkəmizdə görməkdən məmnun olarıq”, – nazir deyib.

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.

Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edir.

Tədbirdə iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.

IBF-in rəsmi media tərəfdaşları AzerTimes BİA, Day.azturkic.world media layihəsidir.

(Tərcümə: Orxan Nəbiyev)