Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır – Putin

Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətcə yeni
səviyyəyə keçidi ilə əlamətdardır.

Trend-in məlumatına görə, bunu fevralın 22-də
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə
mətbuata bəyanatla çıxış edən Rusiya Prezidenti Vladimir Putin
deyib.

Rusiya dövlət başçısı bildirib:

“Azərbaycan Respublikasının Prezidenti ilə birgə indicə bizim
tərəfimizdən imzalanan Rusiya və Azərbaycanın müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dövlətlərarası
münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə
əlamətdardır. Bu strateji sənəd apardığımız danışıqların mərkəzi
elementi və əsas yekunudur.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya
ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin
tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Ötən
onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq
dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar
sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə
zənginləşib. Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq,
qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması
ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik
münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək
əzmindəyik.

Bu gün ikitərəfli gündəlikdə duran aktual məsələlərin bütün
kompleksi ətraflı nəzərdən keçirildi. Biz hər şeydən əvvəl
qarşılıqlı ticari-iqtisadi əlaqələrin artırılması imkanlarını və
perspektivlərini müzakirə etdik. Qeyd edim ki, 2021-ci ilin
yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və
təqribən 3,4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun
ümumi həcmi isə 6 milyard dollar təşkil edir.

Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti
iclasını keçirəcək. Həmçinin energetika, kənd təsərrüfatı və bir
sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi
üçün Azərbaycana Rusiya işgüzar missiyalarını göndərməyi
planlaşdırırıq.

Rusiyanın biznes strukturları elektroenergetika sahəsində
Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar, Azərbaycan elektrik
şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji
mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar.

Sənayedə də səmərəli tərəfdaşlıq qurulub. Ötən il kommersiya və
xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə
“Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə
Azərbaycan dəmir yollarının və Bakı metropoliteninin qatarları
texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis
mərkəzi tikilir.

Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyətini bundan
sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı
hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və
Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının
ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə
bilərdi.

Rusiya və Azərbaycan arasında tibb və əczaçılıq sahəsində
əməkdaşlıq aktivləşib. Ölkələrimiz koronavirus infeksiyasının
yayılmasına qarşı mübarizədə tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət
göstərirlər. Pandemiyanın ən kəskin dövründə Rusiyanın aparıcı tibb
müəssisələrinin mütəxəssis briqadaları azərbaycanlı həkimlərə
köməyə göndərilib. Respublikaya “Sputnik V” vaksinlərinin tədarükü
təşkil olunub.

Humanitar sahədə də əməkdaşlıq ənənəvi olaraq yüksək
səviyyədədir. Bu günlərdə Moskvada Azərbaycan Günlərinə start
verilib. Bu tədbir çərçivəsində sərgilər, konsertlər, ədəbi qiraət
və digər parlaq mədəni tədbirlər təşkil olunacaq. Öz növbəsində,
martın əvvəlində Azərbaycanda iki ölkə gənclərinin növbəti Forumu
keçiriləcək.

Biz respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və
təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Xatırladım ki,
ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali
məktəblərin əksəriyyətində rusdilli fakültələr fəaliyyət göstərir.
Cənab Prezident danışıqların gedişində xatırlatdı ki, məktəblərin
sayı 300 deyil, 340-dır. Biz bunu izləməyə və saymağa macal
tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük əhəmiyyət
veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq
azərbaycanlı tələbə, o cümlədən 1000-dən çoxu federal büdcə
vəsaitləri hesabına təhsil alır.

Təbii ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması məsələlərinə xüsusi diqqət yetirdik. Bildiyiniz
kimi, dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım
olub. Azərbaycan, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ üzrə ali
səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə
icrasının vacibliyi təsdiq edilib.

Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya
düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən çox qaçqın öz
evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması,
tarixi, dini və mədəni obyektlərin mühafizəsi üzrə praktik
məsələlər həll olunur.

Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və bütövlükdə
Dağlıq Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsinə Rusiyanın
töhfəsinə Azərbaycan tərəfdən yüksək qiymət verilib. Bizim
sülhməramlılar vəziyyətin gecə-gündüz monitorinqini aparır və
atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə
işləri aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə
kömək göstərirlər. Rusiyalı hərbi həkimlər koronavirus əleyhinə
profilaktik tədbirlər, o cümlədən Rusiya preparatları ilə
vaksinləmə həyata keçirirlər.

Regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə
açılmasına bundan sonra da kömək göstərmək barədə razılaşdıq.
Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri
ilə sərnişin və yük daşımalarının tam həcmdə bərpasından, ticarət,
sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret
birgə layihələrin icraya hazırlanmasından gedir. Bu prosesin bütün
iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki,
Ermənistanın və Azərbaycanın bütün qonşuları bunda
maraqlıdırlar.

Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin
delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Rusiya
öz tərəfindən, yuxarıda adları çəkilən bütün hədəf və məsələlərə
nail olmaq üçün çox iş görüb və görəcək. Əlbəttə ki, hər hansı
mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin
nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan
kəskin problemlərin həllinə kömək göstərəcəyik.

Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və
Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün
Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və
Azərbaycanın ümumi maraqları var.

Sonda İlham Heydər oğluna bu gün məhsuldar birgə işə görə
minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, bu gün əldə olunan
razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin
bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət
edəcək”.

Teqlər: