Bəxtiyar Sadıqov pul tələbində haqlıdırmı? – Ekspert

Bəxtiyar Sadıqov pul tələbində haqlıdırmı? – Ekspert

“Azərbaycan” rəsmi qəzetdir və onun təsisçisi isə Azərbaycan Respublikasının Milli Məclisidir. Ümumi qaydalara görə, normalda qəzetlərin təsisçiləriylə redaksiya heyəti arasında müqavilə olur. Bu müqavilələrdə təsisçiylə redaksiyanın hüquq və səlahiyyətləri razılaşdırılır. Adətən, təsisçi qəzetin texniki təminatını öz üzərinə götürür. Yəni, qəzet redaktorunun qəzetin təsisçisinə məruzə etməsi, biznes plan təqdim etməsi, məlumat verməsi adi bir haldır.

Bu sözləri AzerTimes-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun ötən gün parlamentin növbədənkənar sessiyası zamanı “Azərbaycan” qəzetinin çapının dayandırıla biləcəyi haqda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Bu kontekstdən yanaşsaq, Bəxtiyar Sadıqovun Milli Məclisə “Azərbaycan” qəzetin durumu barədə məlumat verməsində, hansısa çatışmazlıqların aradan qaldırılması üçün yardım istəməsində qəbahət görmürəm. Qəzetin normal dövriyyəsini təmin etmək üçün tələb edilən məbləğ də təqdim edilən biznes plandan asılıdır. Biz bilmirik ki, B.Sadıqov həmin büdcədə nələri nəzərdə tutub. O baxımdan, baş redaktorun bu əməlinə görə qınanılmasının məntiqi əsası yoxdur”, – Ələsgərli qeyd edib.

M.Ələsgərli bildirib ki, bu məsələdə aydın olmayan bəzi məqamlar insanlarda haqlı olaraq maraq və qınağa səbəb olub:

“Hesab edirəm ki, media ictimaiyyətini maraqlandıran bu suallara aydınlıq gətirilməlidir. Məsələn, baş redaktor qəzetin təsisçisi qarşısında məruzəsini nə üçün ictimai formada hər kəsin qarşısında səsləndirir? Bu, təsisçiylə baş redaktorun arasında olan məsələdir, danışıb razılaşmalıdırlar. Müzakirə geniş publika müstəvisinə çıxarılırsa, onda ictimaiyyətin də məsələyə ya qınaq, ya da təqdir formasında münasibət bildirməyə haqqı yaranır. İctimai qınaq bu məqamda haqlıdır. Məsələni ictimailəşdirənlər mövzunun sonunu da gətirməlidir ki, sualların cavabı aydın olsun. Ancaq təəssüf ki, hələlik belə açıqlamalar yoxdur.

Baş redaktorun öz çıxışını təklif deyil, tələb formasında qurması da diqqət çəkən məqamlar sırasındadır. Baş redaktor öz təkliflərini səsləndirə bilər. Təklifləri qəbul edib-etməmək təsisçinin səlahiyyətindədir. Maraqlıdır, baş redaktor təkliflərinin qəbul edilmədiyi təqdirdə qəzeti bağlamaq, fəaliyyətini dayandırmaq səlahiyyətinə malikdirmi? Ümumi qaydalara görə, onun belə bir səlahiyyəti yoxdur. Bu səlahiyyət təsisçidə olur. Qəzetin bağlanılmasına, yaxud baş redaktorun dəyişdirilməsinə, mövcud kollektivlə əməkdaşlığın davam etdirilməsinə təsisçi qərar verir. Bu baxımdan sual yaranır ki, Bəxtiyar Sadıqov qəzetin fəaliyyətini dayandıracağını deyəndə bunları nəzərə alırmı? Biz bilmirik ki, “Azərbaycan” qəzetinin təsisçisiylə baş redaktoru, yaxud kollektivi arasında müqavilə var, ya yox? Varsa, orada səlahiyyət bölgüsü necə aparılıb və sair”.

Ekspert vurğulayıb ki, mövzunu diqqət mərkəzinə gətirən başqa bir məqam qəzetin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xalqımıza verdiyi ən qiymətli miraslardan biri olmasıdır:

“Azərbaycan” qəzeti Azərbaycan ictimaiyyəti üçün mənəvi-ideoloji qiyməti olan tarixi mirasdır. Ona görə də qəzetin taleyi barədə qərar vermək bir şəxsin və ya bir qurumun boyunu aşır. Müzakirə açanlar nəzərə almalıdır ki, bu tarixi miras onlara yaşatmaq, inkişaf etdirilmək üçün əmanət edilib, qapatmaq, yaxud üzərində alver qurmaq üçün yox”.

Teqlər: