Bəxtiyar Hacıyev etiraf etdi: Qaçaqmalçılıq etmişəm!

Bəxtiyar Hacıyev etiraf etdi: Qaçaqmalçılıq etmişəm!

İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyevin anasının Prezidentə ünvanladığı müraciət açıqlanıb.

Hakim həmin məktubun cinayət işinin materiallarına əlavə olunduğunu bildirib.

Əvvəlki məhkəmə iclaslarından başlayan ifadəsini davam etdirən Bəxtiyar Hacıyev bildirib ki, ona vergidən yayınma, xuliqanlıq, qanunsuz sahibkarlıq və digər əsassız ittihamlar verilib. Bu ittihamların heç birini də qəbul eləmir:

“Bizim ofisdə heç kimdən ödəniş alınmadan tədbirlərin keçirilməsini qanunsuz sahibkarlıq kimi qiymətləndiriblər. Yaxud da məhkəmədə Ülviyyə Muradova ilə aramızdakı mübahisənin səs yazısı var. Orada mənim onu mədəni olmağa dəvət etməyim təhqir, xuliqanlıq kimi qiymətləndirilib, amma onun küçə söyüşlərinə hüquqi qiymət verilməyib”.

Bəxtiyar Hacıyev bildirib ki, ittihamlardan yalnız qaçaqmalçılığı qəbul edir. Lakin onun elədiyi qaçaqmalçılığın ittihamda yazılanlarla heç bir əlaqəsi yoxdur. Bəxtiyar Hacıyevə qarşı qaçaqmalçılıq ittihamında göstərilir ki, o, beynəlxalq qrant təşkilatlarından qrant alıb, həmin vəsaitləri Gürcüstandan qaçaqmalçılıq yoluyla Azərbaycana gətirib.

İctimai fəal isə bu barədə ittihamda yazılanların yalan olduğunu bildirib: “Qaçaqmalçılıq ittihamı son vaxtlar dəbə düşüb. Bakı şəhər Baş Polis İdarəsi jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına qarşı bu ittihamdan istifadə eləyir. İstintaqdakılara sual verdim ki, mən qaçaqmalçılığı nə vaxt eləmişəm? Hansı üsulla gətirmişəm? Ortada heç nə yoxdur, amma qaçaqmalçılıqda ittiham eləyirlər. Mən qaçaqmalçılıq eləmişəm, amma bunların dediyini eləməmişəm. Öz elədiyim barədə məlumat vermək istəyirəm”.

Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb. O bildirib ki, istintaqda ifadə vermiş şahidlərin dediklərini qəbul eləyir. Bu üzdən onlara təsir göstərməyə ehtiyac və belə bir niyyəti yoxdur.

Prokuror Eldar Həmzə bildirib ki, Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün göstərilmiş əsaslar aradan qalxmayıb.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim Əli Məmmədov bildirib ki, şahidlər və zərərçəkmişlər dindirilməyib, Bəxtiyar Hacıyev həbsdən buraxılarsa, onlara təzsir göstərə bilər.

Növbəti proses aprelin 5-də davam edəcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

Bəxtiyar Hacıyevin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.

Adları çəkilən şəxslərin hər iksi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.

Teqlər: