Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib ki, bugünkü danışıqlar çox məhsuldar keçib və bu, iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq idi. Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar. Bu açıqlama o deməkdir ki, Kişinyov görüşü Moskva görüşü kimi nəticəsiz qalıb və “beşli format” çərçivəsindəki müzakirələrin faydası olmayıb.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Kişinyovda keçirilən beştərəfli qeyri-rəsmi görüş haqda bildirib.
“Nikol Paşinyan prosesi uzatmağa çalışır. Bu isə bölgədə gərginliyin artmasına səbəb olacaq”, – politoloq vurğulayıb.