Bizim üçün İstanbuldakı oyun çox vacibdir. Ora yalnız qələbə qazanmaq üçün gedəcəyik.
AzerTimes xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna 1:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını etiraf edib:
“Çətin oyun oldu. Çalışdıq ki, sona qədər mübarizənin içində olaq. Birinci hissədə “Beşiktaş” daha güclü idi. Amma ikinci hissədə biz daha fəal oynadıq, qol imkanları yaratdıq. Bəxtimiz gətirsəydi, ikinci qolu da vurardıq. Buraxdığımız üçüncü qolu rəqibə hədiyyə etdik. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Orada Koffinin səhvi oldu. Amma zədədən yeni qayıdıb. Oyunçuların səhvsiz oynaması çox çətindir. Çünki rəqibimiz çox keyfiyyətli komanda idi. Bəzən elə məqamlar var ki, rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları təhlil edəcəyəm. Müdafiədə boşluqlar verdik, rəqib də bundan yararlandı. Bunun üzərində işləyəcəyik”.
O, bəzi oyunçuların hələ tam hazır olmadığını vurğulayıb:
“Beşiktaş”la cavab görüşünə bir həftə vaxt var, indidən nəsə demək çətindir. Bu, qurmaq istədiyim heyətin hələ 30 faizidir. Yeni transferlər etməyə çalışırıq. Eyni zamanda heyətdəki oyunçuları yaxşı fiziki duruma çatdırmaq üçün işləyirik. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq zədə riskini artırır. Yüz faiz hazır olmadıqda zədə almaq ehtimalı daha da çoxalır”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.