“Beşbarmaq dağı” qoruğa çevrildikdən sonra hansı işlər görülüb? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikası Prezidentinin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” sərəncamına (2020-ci il 8 iyun tarixli, 2083 nömrəli) əsasən, qoruğun sərhədini və mühafizə zonasını təsdiq edən xəritənin təsdiqlənməsi üçün layihə təklifləri müvafiq dövlət qurumlarına göndərib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, qoruq ərazisindəki abidələrin tədqiq olunması üçün AMEA-nın bir sıra institutları ilə əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparılıb.

““Beşbarmaq dağı” qoruğunun xüsusi mühafizə rejiminin tətbiqi ilə bağlı sənədlər hazırlanıb və artıq Nazirlər Kabineti tərəfindən təsdiqlənib. İyulun 1-də Nazirlər Kabineti tərəfindən Qoruğun əsasnaməsi də təsdiqlənib. Bu isə artıq qoruğun müvafiq ştat yerlərinin təsdiqlənməsinə və fəaliyyətə başlamasına imkan yaradacaq. Beşbarmaq dağını ziyarət edənlərin sayının çox olduğunu nəzərə alaraq, abidələrin qorunması üçün əraziyə mühafizə polisinin nəzarəti təmin edilib”.

Qurumdan həmçinin bildirilib ki, ilk növbədə Beşbarmaq dağının ətrafındakı yolun təmiri nəzərdə tutulur. Ərazidə qoruq idarəsinin fəaliyyəti üçün baza infrastruktur binalarının tikintisi, yolun bərpası başa çatdıqdan sonra burada turizmin inkişafına imkan verən digər əhəmiyyətli layihələr də həyata keçiriləcək:

“Beşbarmaq dağı ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşir. Odur ki, bu məkan Azərbaycanın əsas turizm dəhlizlərindən biri hesab edilən şimal marşrutu üzrə önəmli bir məntəqə kimi təbliğ olunub. Bu istiqamətdə müvafiq saytlarda, yerli və xarici platformalardan Beşbarmaq dağı haqqında məlumatlar yerləşdirilib. Ərazidə aparılmış arxeoloji qazıntılar gələcəkdə Beşbarmaq dağının yalnız dini-mənəvi destinasiya, unikal təbiət abidəsi kimi təbliği ilə yanaşı, həm də arxeoturizm destinasiyası – orta əsrlər aid qədim yaşayış məntəqəsi kimi təbliğinə imkan verəcək. Beşbarmaq dağının ərazisi quşların miqrasiyasını müşahidə etmək üçün unikal bir yerdir. Hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba köç edir. Bu ərazi quş müşahidəçiləri üçün qiymətli bir yer olduğundan, Beşbarmaq dağı ərazisində “Köçəri quşların müşahidəsi” ilə bağlı turizm məhsullarının inkişafı istiqamətində işlər görülüb. Dünyada populyarlıq qazanan bu turizm növü ilə bağlı sertifikat təlimləri keçirilib, Azərbaycanda və xarici ölkələrin turizm platformalarında təbliğ olunub”.

Teqlər: