Bəs, Xankəndidə “humanitar fəlakət” yaşanırdı – Foto

Bəs, Xankəndidə “humanitar fəlakət” yaşanırdı – Foto

Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda aksiyasını guya Xankəndi və ətrafında yaşayan erməni icmasının “blokadası” kimi təqdim etməyə çalışan Ermənistan hakimiyyəti, diasporu və onlara qoşulan bəzi “azərbaycanlılar” üçün növbəti “sürprizi” elə separatçı-terrorçular özləri təqdim edib.

AzerTimes xəbər verir ki, erməni separatçıları Xankəndinin mərkəzindəki meydanda bu gün təmtəraqlı Yeni il yolkası qurulduğu, yolkanın işıqlandırılmasının mərasimlə baş tutduğunu bildiriblər.

Mərasimdə konsert proqramı təqdim edilib, uşaqlar deyə-gülə rəqs edib. Erməni mediası uşaqların “erməni milli rəqsi olan” “Köçəri” oynadığını da utanıb-qızarmadan yazıb.

Şaxta baba, Qar qız da mərasimə qatılıb, uşaqlara Yeni il hədiyyələri paylanılıb.

Bildirilib ki, Xankəndi bələdiyyəsi 31 dekabrda da uşaqlara Yeni il hədiyyələri paylayacaq.

Əgər doğrudan da Xankəndi blokadadırsa və heç bir humanitar yük buraxılmırsa, istilik, elektrik çətinliyi varsa, Xankəndidə elektriki yolkalara sərf etmək, Yeni il hədiyyələri paylamaq necə mümkün olur?

“Humanitar fəlakət” yaşayan, “dərman tapmağa çətinlik çəkən” sakinlər Yeni ili bir həftə əvvəldən qarşılamağa necə hazırlaşa bilirlər, əl-ələ tutub Azərbaycan milli rəqsini məsimsəyərək, rəqs edirlər?

Elə dünən bir qrup erməni sakin həmən bu meydanda azərbaycanlı ekofəalların addımlarına etiraz olaraq aksiya keçirməyə çalışmışdı və özlərini ifşa etmişdilər. “Aksiyaya” cəmi bir neçə nəfər gəlmiş, mitinq alınmamışdı və onlar “gələcəkdə aksiya keçirmək qərarı” ilə dağılışmışdılar.

Ancaq bu gün nədənsə şənlənməyə, oynamağa və əylənməyə xeyli adamın yığışdığı müşahidə olunur.

Demək, Xankəndidəki sadə ermənilərin nədənsə narazılığı yoxdur, çünki yol humanitar yüklər üçün açıqdır, azərbaycanlı ekofəallar yalnız silah daşınmasının və qızılın talanıb aparılmasının əleyhinədirlər ki, bunun da sadə ermənilərə heç bir aidiyyəti yoxdur. Əks halda o sadə ermənilər Vardanyanın çağırışı ilə 17 dekabrda, yaxud bir qrup separatçının istəyi ilə 22 dekabrda heç olmasa, yığışıb etiraz edə bilərdilər.

Bu fotoya “Xankəndi blokadasının dərhal dayandırılmasını” Azərbaycandan “tələb” edən sənədə imza atan “azərbaycanlıların” da baxması və yayılan məlumatı oxuması yaxşı olardı. Bəlkə vicdanları oyana – əlbəttə, əgər varsa…

Teqlər: