Beş il əvvəl törədilən cinayətin üstü indi açıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə
fəaliyyəti nəticəsində Ağsuda beş il əvvəl törədilərək bağlı qalmış
cinayətin üstü açılıb

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, 1999-cu il
təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27
yanvar 2017-ci il tarixdə itkin düşməsi faktına görə Ağsu rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış
cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi
əsası ilə 20 dekabr 2019-cu il tarixdə dayandırılmışdır.

07 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq
Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları
idarəsi tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis
əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və
kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri
həyata keçirilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, 2017-ci il yanvarın 27-dən
28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın
münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış
mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb meyiti
əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlətmiş, yanvarın 28-də
saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu
ərazisində Şirvan kanalının yaxınlığında basdırmışdır.

16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan
skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək
götürülmüşdür.

17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində
tutulmuş, dindirilərkən o, törətdiyi əməli etiraf etmişdir.

Prokurorluq orqanları tərəfindən ötən illərdən gizli və
qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin
açılması istiqamətində işlər davam etdirilir.

Teqlər: