Bərxudarova dərs deyən Milli Qəhrəman…

Bərxudarova dərs deyən Milli Qəhrəman…

Bu gün 34 yaşında dünyadan köçən Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündür.

AzerTimes Milli Qəhrəmanla bağlı maraqlı məlumatları təqdim edir:

– Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.

– O, 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Bir müddət sonra isə müəllim kimi fəaliyyətə başlayıb. Həmin illərdə Ə.Əliyev hazırda Azərbaycanın general-mayoru Mayis Bərxudarova da dərs deyib.

– Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılır.

– Həmin illərdə Qubadlıda xalq hərəkatının başçısı kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Əksər üzvlərin Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətindən olması camaat arasında birliyin “Pəhləvanlar taboru” kimi tanınmasına səbəb olmuşdu.

– Ə.Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olur. Fətəlibəy kəndindəki Tikanlı zəmi yüksəkliyi uğrunda gedən əməliyyat zamanı Əliyar Əliyev sürücüsü Əlisadət Ağayevlə birgə qəhrəmancasına şəhid olur. Elə anadan olduğu Qazyan kəndində də dəfn olunur.

– O, dəfələrlə yunan-Roma güləşi üzrə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub.

– Milli Qəhrəman haqda 1994-cü ildə Hacı Nərimanoğlu (Abdullayev) “Dağlar oğlu” adlı xatirələr kitabı yazıb. 2016-cı ildə isə rejissor Nizami Abbas onun haqda “Pəhləvan komandir” adlı sənədli filmi çəkib.

– Qubadlı rayonu 2020-ci ildə azad olunandan sonra Milli Qəhrəman Əliyar Əliyevin Qazyan kəndindəki ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.

Teqlər: