Bərpa olunan enerji üzrə qiymətlər yeni qaydalarla müəyyənləşdiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətlərinin (tarifləri) müəyyənləşdirilməsi qaydası müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.

Bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.


Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

Zəmanətli tariflər bu Qanunun 8.5-ci maddəsinə uyğun olaraq satınalma müqaviləsində müəyyən edilən müddət ərzində tətbiq edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuda qəbul edilib.

Teqlər: