Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin İrəvana səfəri əvvəlcədən planlaşdırılıb. Ona görə inanmıram ki, Narışkinin səfəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin gəlişi ilə bağlı olsun. O ki qaldı onların İrəvana ardıcıl səfərlərinə, əlbəttə, burada niyyətlər fərqlidir.
Bu sözləri AzerTimes-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şərifov Bernsin 15 iyulda, Narışkinin isə 18 iyulda İrəvana səfər etməsi haqda danışarkən söyləyib.
O bildirib ki, Bernsin Ermənistana səfəri daha çox geosiyasi vəziyyətlə bağlıdır:
“Amerikanın regiondakı ən böyük səfirliyi İrəvanda yerləşir və bu səfirlik təkcə ikitərəfli məsələlərlə məşğul olmur, həmçinin İranla, Rusiya ilə bağlı fəaliyyət göstərir. Amerika Paşinyan hökumətini Rusiyanın təsirindən çıxarmağa çalışır. Halbuki bu boş bir niyyətdir. Çünki Ermənistan Rusiyanın hərbi və iqtisadi müttəfiqidir və hətta Paşinyan qərbyönlü siyasət aparmağa cəhd etsə də, İrəvan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən Rusiyadan asılıdır”.
Fərid Şərifovun fikrincə, Bernsin bu səfəri Yaxın Şərqdə, xüsusilə də İran ətrafında baş verən proseslər fonunda diqqət çəkir:
“Rusiya Ermənistan vasitəsilə sanksiyalardan qaçmaq istəyir. Ola bilsin ki, Bernsin səfərində bu məqama da toxunulub“.
O, Narışkinin İrəvana vaxtaşırı səfər etdiyini və burada qarşılaşma aparmağa meyilli olmadığını deyib:
“Rusiya çalışır ki, Ermənistanı öz təsiri altında saxlasın. Ona görə də vaxtaşırı olaraq Rusiyanın yüksək çinli məmurları İrəvana səfərlər edirlər”.