Xəbər - Samir Əli – Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə
təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə
keçirilən prosesdə şahid qismində ifadə verən Elşən Quliyev
bildirib ki, “Berlin Pub”-da işləyib.
“Həmin gün 3 nəfər gəlmişdi. Orxan mədəni şəkildə dedi ki,
geyiminizi səliqəyə salın keçin. İçəridə olanda dedilər ki, yer
rezerv etmişik. Biz Ramin müəllimdən soruşanda o dedi ki, bunların
xanımsız əyləşmələri qeyri-mümkündür. Çünki stol məsələsinə biz
mühafizəçilər qarışmırıq. Sonra 3 dostdan biri dedi ki, biz kiminlə
əlaqə saxlamışıqsa, onunla da danışmaq istəyirik. Mən Valehdən
xahiş etdim ki, yola verin, gələn dəfə problem olmayacaq. Mərhumun
dostu Valeh Orxanla acı danışdı. Mübahisələri olanda mən onları
ayırdım”, – şahid bildirib.
Digər şahid Sevinc Aslanova həmin obyektdə rezervasiya işlərinə
nəzarət etdiyini bildirib: “Yeri rezerv edən şəxsə telefonda
deyilməmişdi ki, qızla gəlin, amma onlara xəbərdarlıq edilmişdi ki,
qapıda kontrol var və geyiminizi ona görə uyğunlaşdırın. Valeh və
Orxanın dalaşdığını gördüm”.
Məhkəmənin növbəti baxış iclası martın 9-na təyin edilib.
Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il
təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər
nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa
ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu
ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən
1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında
yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı
kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri
yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu
xəsarətlərdən ölməsi müəyyən edilib.
O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli
şəxs qismində tutularaq istintaqa cəlb edilib.