Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində
əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəhər
ərazisində Şamil adlı şəxsin odlu silah-sursat gəzdirməsi və satmaq
istəməsi barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilən
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin
şəxs-Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Şamil Behbudov
saxlanılıb.Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən
zaman Şamil Behbudova məxsus çantadan “AK-74” markalı avtomat, 30
ədəd həmin silaha məxsus patron və sandıqça aşkar olunaraq
götürülüb. Ş.Behbudov ifadəsində “Kalaşnikov” markalı odlu silahı
bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək
özündə saxladığını bildirib.
İlkin araşdırmalar zamanı saxlanılan şəxsin avtomatı satmaq
məqsədilə Bərdədən Mingəçevir şəhərinə gəldiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Behbudov barəsində həbs
qətimkan tədbiri seçilib.