Xəbər - Samir Əli – Trend:
Fevralın 14-də saat 01 radələrində Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi və Rəsul Orucova bıçaq zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bərdə rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Elmidar Əsgərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bacısı 1989-cu il təvəllüdlü Aynur Əsgərovaya və sonuncunun qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Rəsul Orucova bıçaq zərbələri yetirməsi nəticəsində Aynur Əsgərovanı qəsdən öldürməsinə, Rəsul Orucovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Elmidar Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.