Bərdədə Natəvanın 190 illiyi qeyd edildi – Foto

Bərdədə Natəvanın 190 illiyi qeyd edildi – Foto

Bərdə rayon Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabının təqdimatı da baş tutub.

Təqdimatda millət vəkili Fatma Yıldırım, qardaş Türkiyədən olan ziyalılar – İstanbulda çıxan “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdad Avşar, Ankaradakı “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Fatma Sönməz, şəhid ailələri, qazilər, regional idarə üzrə Bərdə, Tərtər, Yevlax rayonlarından, o cümlədən Mingəçevir şəhərindən olan mədəniyyət işçiləri, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva, “ASAN könüllüləri”, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin könüllüləri, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, tədbirə dəvət olunmuş fəxri qonaqlar iştirak edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva vurğulayıb ki, Faiq Ələkbərli ilə birgə hazırladığı kitabın Türkiyədə nəşri və ötən ay TÜRKSOY-da, indi isə Bərdə Mədəniyyət Mərkəzində ilk təqdimatı Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairlərinin yaradıcılığına verilən dəyərin ifadəsi olub, hər iki xanımın tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.

Komitə sədri Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu illərdə mədəni irsə qarşı vandallıqlardan da söz açıb, Natəvanın, Üzeyir bəyin, Bülbülün abidələri daxil olmaqla, heykəllərin belə güllələndiyini bildirib.

Q.Paşayeva Bərdə Regional Mədəniyyət İdarəsinə, qardaş ölkədən gəlmiş ziyalılara, tədbirə təşrif buyurmuş şəhid ailələrinə, qazilərə, bütün iştirakçılara könül dolusu təşəkkür edib.

Sonra yerli musiqiçilərin, o cümlədən VIII MUĞAM Televiziya Müsabiqəsinin qalibi Fuad Sərxanoğlunun iştirakı ilə maraqlı bədii hissə təşkil olunub.

Teqlər: