Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib (FOTO)

Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start
verilib. Gənclərin Karyera və İnkişaf Mərkəzinin Bərdə
nümayəndəliyinin təşkilatçılığı ilə aparılan təlimlərdə ilk görüş
hərbi jurnalist, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət
Eyvazovla keçirilib.

Trend xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin
Bərdə nümayəndəliyinin direktoru Şəmsiyyə Abbaszadə jurnalist
Şöhrət Eyvazovu iştirakçılara təqdim edərək, Qarabağ müharibəsində
onun fəaliyyətindən danışıb.

Jurnalist Şöhrət Eyvazov peşə fəaliyyəti, jurnalistikanın
özəllikləri barədə ətraflı məlumat verib. “Kütləvi İnformasiya
Vasitələrinin sosial funksiyaları və informasiya təhlükəsizliyi”
mövzusunda mühazirədə jurnalistikanın əsas prinsipləri və bölgə
mediasının xüsusiyyətlərindən bəhs edib.

Təlim zamanı 44 günlük müharibədə hərbi sirr xarakterli
məlumatların yayılmasının qarşısının alınması və informasiya
təhlükəsizliyinin tələblərinin qorunması istiqamətində göstərilən
fəaliyyətdən danışılıb. Xəbərlərin hazırlanması və ötürülməsində
informasiyanın operativliyi və dəqiqliyinin vacibliyi diqqətə
çatdırılıb.

Təlim iştirakçıları müxtəlif media qurumlarının Qarabağ bölgəsi
üzrə nümayəndələrinin fəaliyyətinə əsr olunmuş videoçarx
izləyiblər. Sonda mövzu üzrə müzakirələr aparılıb və iştirakçıları
maraqlandıran suallar cavablandırılıb. Maraqlı suallara görə
gənclərə jurnalistin kitabları hədiyyə edilib. “Gənc jurnalistlərin
hazırlığı” proqramı çərçivəsində digər jurnalistlərlə də görüşlər
təşkil ediləcək.

Teqlər: