Xəbər - Humay Ağacanova – Trend:
Bu gün Bərdədə Ermənistanın şəhəri atəşə tutması nəticəsində həlak olanların anım mərasimi keçirilib.
AzerTimes-ın yerli bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, həlak olanların ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb.