Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Məlumata görə, agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Qasımbəyli kəndində yerləşən, fiziki şəxs Alverdiyev Tural Arif oğluna məxsus saçaqlı pendir istehsalı sexində keçirilən yoxlama zamanı sexdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların baytarlıq (baytarlıq sanitariya) ekspertizasından keçmədən satışa təqdim edildiyi aşkar edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.


AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcəkdir.

Twitter:@cingizsafarli

Teqlər: