700 kq sənədsiz ət tapıldı

700 kq sənədsiz ət tapıldı

Bərdə rayon sakininin avtomobilində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan ətlər aşkar olunub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) aprelin 11-də alınmış məlumat əsasında DBNX-nın Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə Bərdə rayonundan Bakı şəhəri istiqamətində hərəkət edən Bərdə rayon sakini Ələkbərov Amil Elşən oğlunun idarə etdiyi “Mersedes Benz ” markalı 09-BO-220 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçiriblər. Kürdəmir rayonunda yerləşən 121-ci Dövlət Yol Polisi Postunda saxlanılan minik avtomobilinin arxa oturacağında (salonda) və yük yerində antisanitar vəziyyətdə, polietilen torbalarla bükülmüş, satış üçün nəzərdə tutulan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan budları və bel ətləri aşkar olunub.

Avtomobilin arxa oturacağına (salonuna) və yük yerinə yığılmış ümumi çəkisi 700 kq olan ətlərdən qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Avtomobildə aşkar olan heyvan budları və bel ətlərinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.