Bərdədə 4 minə yaxın əhalinin istifadə etdiyi yol yenidən qurulur (FOTO/VİDEO)

Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət
Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin
olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən Bərdə rayonunda Qarağacı-Mirzəcəfərli-Mollagüllər
avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə
avtomobil yolunun 46-cı km-dən ayrılan
Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun uzunluğu 8 km
olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış
aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də
vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Artıq bu
problemlər yenidənqurma işləri ilə geridə qalır. Bu üzdən görülən
işlər yolun keçdiyi yaşayış məntəqələri sakinlərinin də ürəyincə
olub.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10
metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və
kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət
zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir
istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 44 yerdə
müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin
mövcud suötürücü boruların bərpası işləri görülüb.

Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən,
optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının
tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra
olunacaq. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü
döşənəcək.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra
zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə
quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri
aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji
ardıcıllıqla apardığı yenidənqurma işləri imkan verir ki, yaxın
gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları
problemlər birdəfəlik öz həllini tapsın, həmçinin vətəndaşların
həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı
daha da inkişaf etsin.

Teqlər: