Bərbərxanada qadına qarşı zor tətbiq edən polis işdən qovuldu

Xəbər - Samir Əli – Trend:

Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı vəzifəsindən azad edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə ilə bağlı DİN-də aparılan araşdırma yekunlaşıb.

Videogörüntülər DİN-də hərtərəfli və operativ araşdırılıb və qərar qəbul edilib.

Araşdırmanın nəticəsi olaraq qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib və o polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, fevralın 12-si saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib, sonra isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

Teqlər: