Bərbər, telefon ustası, aşpaz kimi ixtisaslar üzrə imtahanlar keçirilib

Xəbər - Çingiz Səfərli – Trend:

Cari ildə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı görülmüş işlər açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov məlumat verib.

Onun sözlərinə görə, bu il ərzində 5 ixtisas üzrə (Bərbər, Plastik boru, Mobil telefonların təmiri ustası, Qənnadçı-Şirniyyatçı, Aşpaz) imtahanlar təşkil olunub və vətəndaşlara 174 sertifikat, 13 diplom təqdim olunub.

“Həmçinin 20 nəfərdən ibarət ekspert bazası yaradılıb. 7 ixtisas üzrə 1457 sual, 107 tapşırıq hazırlanıb və əmək bazarının nümayəndələri tərəfindən bütün sual və tapşırıqların ekspertizası aparılıb. Cari il ərzində ümumilikdə 17 özəl müəssisə ilə əməkdaşlıq edilib, 10 müəssisə ilə müqavilə bağlanılıb”.

Agendlik sədri onu da qeyd edib ki, 2021-ci ildə 96 müəssisənin iştirakı ilə əmək bazarının təhlilinə dair sorğu həyata keçirilib.

“Ərizəçi şikayətlərinə baxılması məqsədi ilə Apelyasiya Komissiyası yaradılıb. “Paşa Holding”in maliyyə dəstəyi ilə cari ilin iyul ayında “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə qeyri-formal olaraq fəaliyyət göstərən sağlamlıq imkanları məhdud və ya öhdəliyində əlil övladı olan 16 qadının formal məşğulluğuna dəstək göstərilməsi məqsədilə qiymətləndirilmə həyata keçirilib. İmtahanda uğurlu nəticə göstərən 13 ərizəçidən 9-u diplom, 4-ü isə müvafiq modullar üzrə sertifikat əldə etmək hüququ qazanıb”.

Teqlər: