Benzinin bahalaşması maşın bazarına ağır ziyan vurub

Benzinin bahalaşması maşın bazarına ağır ziyan vurub

Son aylar avtomobil bazarında kəskin qiymət artımı müşahidə olunur.

Benzinin bahalaşmasınan sonra yanacağa qənaət etməyə çalışan sürücülər avtomobillərini dizellə işləyən və ya az yanacaq yandıran kiçik həcmli mühərriklərə malik avtomobillərlə dəyişmək istədiyindən bazarda təklif artıb, sözügedən avtomobillərin qiyməti isə bahalaşıb. Ən çox dəyər qazanan avtomobillər isə dizellə işləyənlərdir.

Bazarda kifayət qədər alıcı gözə dəysə də, qiymətlərin kəskin artımı bir çoxlarının əliboş qalmasına səbəb olub.

Satıcıların sözlərinə görə, bahalaşmanın əsas səbəbi ölkəyə köhnə avtomobillərin idxalının məhdudlaşdırılmasıdır. İstehsal tarixi 2006-cı ildən aşağı olan avtomobillər ölkəyə buraxılmır.

Avtomobilini iki həftədir sata bilməyən satıcılar müştərilərin daha çox alman istehsalı olan “Mercedes” seriyasından olan avtomobillərə üstünlük verdiklərini bildirirlər:

“Bazarda ən çox bu markadan olan avtomobillər liderlik edir. Mənim avtomobilim “KİA”dır. Çox az sayda maraqlanan var. Səhər tezdən bazardayam, cəmi 5-10 nəfər maraqlanıb. Real qiymət təklif edən yoxdur. 2010-cu ilin avtomobilidir, saz vəziyyətdədir, 16 min manat qiymət deyirəm. Özüm ötən il 23 min manata almışam. Lakin hələ də real alıcıya rastlaşmamışam. Ətrafımda 1997-99-cu ilin “çeşka”sını (C klass), “dördgözü”nün üstündə alverçilər baş yarır. Axı, bu avtomobildə nə görüblər?”.

Bazara “VAZ 21 07”markalı avtomobilini satmağa gətirən şəxs isə müştərilərin çox olduğunu desə də, alıcılığın o qədər də yüksək səviyyədə olmadığını bildirdi. Onun sözlərinə görə, avtomobil alanların əksəriyyəti daha çox bazar alverçiləridir:

“Bu bazarda alıcıdan çox avtomobil dəllallarına rast gəlinir. Onlar avtomobilini bazara gətirənlərdən ucuz qiymətə alıb, yaxşı qiymətə satmağı bacarırlar. Avtomobillərin qiyməti ilə istədikləri kimi oynayırlar. 2-3 ay öncəsi ilə müqayisədə avtomobillərin qiymətində hiss olunacaq dərəcədə artım müşahidə edirik. Təqribən 30-a yaxın alıcı qiymətlə maraqlanıb, lakin qiymətdə razılaşmamışıq. Son qiymət kimi 3600 manat demişəm, hələ ki, bu məbləği verən yoxdur. Lakin alverçi 8 min manata aldığı avtomobili, asanlıqla 9000-9500 manata sata bilir”.

Dizellə işləyən “Mercedes” markalı avtomobil Benzinlə işləyən eyni markalı avtomobildən minimum 1000-1500 manat bahadır.

Qiymətlərə gəlincə, 2012-ci il istehsalı olan “Hundai Santafe” markalı avtomobil 22-24 min manat arasında təklif olunur. 2017-ci il istehsalı olan ikinci əl “Niva”-nın qiyməti isə 16-18 min manatdır. Yaxşı vəziyyətdə olan 1999-2000 –ci ilin “Mercedes E 240” markalı avtomobilin qiyməti isə 12-14 min manat civarındadır. 2011-ci ilin “KİA Sportage” markalı avtomobili 19-22 min manat, 1998-2000-cil Mercedes C 200, C180 markalı avtomobillərin qiyməti 8 min manat,- (əla vəziyyətdə) 11 min manat. Digər irihəcmli mühərrikli avtomobillərin qiymətində elə də bahalaşma müşahidə olunmur. Qiymətlə ötən aylarla müqayisədə dəyişməz olaraq qalır.