Bəlkə qulağına taxılan ilk qızıl sırğa idi…

Bəlkə qulağına taxılan ilk qızıl sırğa idi…

Aktyor Elcan Rəsulov Xırdalandakı 1 nömrəli məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müdafiəçiləri sırasına qoşulub.

AzerTimes xəbər verir ki, o, İnstaqram hesabında paylaşım edərək, valideynlərin müəlim üçün qızıl aldırmasını böhtan adlandırıb:

“Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən, çox önyarğılı olmuşuq. O qulağına sırğa taxılan müəllimənin videosunu gördüm. Bəlkə də, bu yaşınadək müəllimənin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə 4 il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimənin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, bir buket gül qiymətinə qızıl sırğa alıb qulağına taxsaq, dünyanı vermiş olarıq.

Bu qənaətə hardan gəlirəm? Sizə deyəcəm. Əslində mən bu cür sirr açmağı sevmirəm, bəlkə də, bu yazını görəndən sonra o özü də pis olacaq ki, kaş ki, Elcan bunu yazmazdı. Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sferasına yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır.

Yaxın dostluq münasibətim olmasa da, Faiqi 20 ilə yaxındır tanıyıram. Qış aylarında, yəni serial mövsümündə ssenarist işləyir, yay da gələn kimi başını götürüb bölgələrdəki istirahət mərkəzlərinə gedib animator işləyir, ailəsini dolandırır. O qədər abırlı uşaqdır ki, ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib desəm, az olar.

Bəlkə də o, evdə heç vaxt “rüşvət” sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan bilinir, belə şeyləri gizlətmək olmaz. Anası ən azından övladının altına rüşvət pulu ilə sınıq bir maşın alıb qoyardı. Amma ki, Xırdalana gedən bütün avtobuslar Faiqi yaxşı tanıyır.

Həqiqətən çox pis oldum. Kaş ki, mən bu söhbətə qulaq şahidi olmazdım. Bu balaca sirləri də burada açmazdım. Bir anlıq da təsəvvür elədim, o cür abır -həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz… Bilmədən günahkar olarıq.

Bir də ki, vallah müəllimə mənim övladıma yaxşı təhsil versin, mən elə hədiyyənin ən yaxşısını ona alaram.

Həm də uşağı sinfə qoyanda verilən hədiyyə rüşvət sayılar, uşaq sinfi bitirəndə yox? Axıra qədər oxuyanlar üçün məhz bu şəkli niyə paylaşdığımı deyim: Əlimdəki gül dəstəsini, məktəbə gedəndə müəlliməm üçün almışdım”.

Teqlər: