Bələdiyyə sədrinin məhkəməsi başlayır

Bələdiyyə sədrinin məhkəməsi başlayır

Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi müqabilində vətəndaşdan külli miqdarda rüşvət tələb etməkdə təqsirləndirilən bələdiyyə sədri barədə cinayət işi məhkəməyə göndərilib.

Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayon Diyallı Bələdiyyəsinin sədri Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Surxayev Cahangir Məhyəddin oğlunun vəzifə səlahiyyətlərini aşaraq icarə müqaviləsi və digər növ saxta sənədlərin tərtib edilməsi yolu ilə rəhbərlik etdiyi qurumun mülkiyyətində olan torpaq sahəsinin arıçılıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilməsi müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda pul vəsaitini rüşvət qismində hissə-hissə almasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Surxayev tələb etdiyi rüşvət məbləğinin bir qismini vətəndaşdan alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Toplanmış sübutlar əsasında Cahangir Surxayevə Cinayət Məcəlləsinin 309.1. (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: