Xəbər - Elçin Mehdiyev – Trend:
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməli, bu istiqamətdə konkret addım atmalı olan ATƏT-in Minsk qrupu nəinki bu istiqamətdə heç bir real addım atmadı, əksinə işğalçı ilə işğala məruz qalan tərəfi tərəzinin eyni gözünə qoydu. Bu isə yaddaşlarda daha çox “turist səfərləri edən diplomatlar” kimi qalan ATƏT-in Minsk qrupunun tərəfsizlik prinsipini pozduğunu sübut etdi. Özü də onlar bunu uzun illər mütəmadi təkrarladılar. Əslində, Minsk qrupunun bu cür “fəaliyyəti” dolayısı yolla işğalçı Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək xarakteri daşıyıb.
Bu sözləri AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirb ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi və bununla da Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu:
“Hesab etmək olardı ki, heç olmasa bundan sonra həmsədrlər özlərində güc tapıb düzgün istiqamət götürəcəklər. Lakin görünən odur ki, onlar nə buna cəhd etmirlər, nədə ki, bundan sonrakı proseslərlə bağlı hər hansı təkliflə çıxış etmirlər. Yeri gəlmişkən, aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu məqama toxunan Prezident İlham Əliyev bildirdi ki, “Əvvəla, biz, həmsədrlərin – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra problemin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm. Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə mən onlara diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər”.
Deputat qeyd edib ki, beləliklə, Azərbaycan tərəfinin mövqeyi, özü də haqlı mövqeyi ortadadır:
“Yəni artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Və deməli həmsədrlər bundan sonra postmünaqişə dövrü üçün hansı addım ata biləcəklərinə dair konkret təkliflərlə çıxış etməlidirlər, ancaq hələ ki, biz bununla bağlı konkret mövqenin sərgiləndiyini görmürük. Əksinə, Minsk qrupunun bəzi nümayəndələri münaqişənin həll edilməli olduğunu iddia edirlər. Bu isə sadəcə istehza doğurur. Çünki münaqişə artıq həll olunub. Ona görə də həmsədrlər Ermənistana qeyri-real vədlər verməməli, neytral, qərəzsiz və bu vəziyyəti bağlamağa çalışmalıdırlar. Əks halda isə biz onlara “çıxın gedin” deməyə məcbur olacağıq”.