Belarusun nazirlər şurası istefa verdi

Belarusun nazirlər şurası istefa verdi

Belarus hökuməti prezident seçkilərinin rəsmi olaraq qalibinin elan edilməsindən əvvəl istefaya gedib.

Konstitusiyasın 106-cı maddəsinə və “Belarus Respublikasının Nazirlər Şurası haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq hökumət yeni seçilmiş dövlət başçısına istefasını təqdim edir.

Qeyd edək ki, Minskdə günlərdir davam edən etiraz mitinqlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyini açıqlayıb.

Lukaşenko Minsk Təkər Traktor Zavodunun işçiləri ilə də görüşərək bəzi suallara aydınlıq gətirib.

Belarus Prezidenti ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib.

“Heç vaxt təzyiq altında bir şey etməyimi gözləməyin. Heç bir təkrar seçki olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də BELAZ olmayacaq, altı ayda hər şeyi məhv edəcəyik”, – deyə Lukaşenko qeyd edib.

O, hakimiyyəti küçə etirazları ilə deyil, konstitusiya prosesi ilə yenidən bölüşdürməyə çağırıb.

“Ədalətsiz seçkilərdən danışırsınız və ədalətli seçkilər keçirmək istəyirsiniz? Mən bu suala cavab verirəm. Seçkiləri keçirdik. Məni öldürməyincə başqa seçkilər olmayacaq”,-deyə Lukaşenko bildirib.