Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)

Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyi fevralın 23-də Qomel şəhərində, fevralın 24-də isə Bobruysk şəhərində Azərbaycan icmaları konqresinin yerli təşkilatlarının nümayəndələri ilə birlikdə anım tədbirləri keçirib.

Səfirlikdən AzerTimes-a verilən məlumata görə, hər iki tədbirdə səfir Lətif Qəndilov çıxış edərək bildirib ki, tarix bizə qarşı heç də mərhəmətli olmayıb, əgər unutqanlığımız olarsa, biz hər şeyi itirə bilərik. Ona görə də, biz yaddaşımızı sıx saxlamalı, tarixin dərslərindən ibrət götürməliyik. Xocalı soyqırımı və son otuz ildə xalqımızın çəkdiyi müsibətlər yalnız beynəlxalq ictimaiyyətin bizim problemlərimizə biganəliyi əsasında olub.

“Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu prosesdən düzgün nəticə çıxarıb və xalq-dövlət birliyi nəticəsində yağı düşməni torpaqlarımızdan çıxara bilib. Möhtərəm Prezidentin rəhbərliyi altında ordumuz tarixi ədaləti və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasını bütün dünyanın gözü qarşısında təmin etdi. Bu, yalnız dərin düşüncə və uzun dövr ərzində tarixi proseslərin düzgün qiymətləndirilməsi nəticəsində mümkün olub. Qarşımızda duran vəzifə isə möhtərəm Prezidentin ətrafında möhkəm birləşməkdir.

İrəlidə bizi işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması kimi çətin və məsuliyyətli işlər gözləyir. Bu isə milli birlik olmadan həll olunması çətin olan məsələlərdir”, – deyə səfir əlavə edib.

Lətif Qəndilov qeyd edib ki, bütün dünya xalqımızın bu müsibətini bilməli və Xocalı cinayətinin səbəbkarları bəşəriyyət qarşısında cavab verməlidirlər. Tarixin ibrət dərsi olması üçün cinayət cəzasız qalmamalıdır. S.Sakisyan, R.Koçaryan və digərləri bəşəriyyət qarşısında cavab verməlidirlər. Bunu Xocalının günahsız nakam uşaqları və köməksiz qocalarının fəryadı tələb edir.

Xocalı soyqırımına dair anım tədbirinin Brest şəhərində də keçirilməsi nəzərdə tutulur.

Teqlər: