Belarusun Baş naziri Roman Qolovçenko “Caspian Agro 2022” sərgisini ziyarət edib (FOTO)

Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd
Təsərrüfatı (Caspian Agro 2022) sərgisi davam edir. Sərginin ikinci
günündə Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun
rəhbərlik etdiyi nümayəndə heyəti “Caspian Agro 2022” və “InterFood
Azerbaijan” sərgiləri ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov
qonaqlara məlumat verib ki, sərgidə ümumilikdə 24 ölkədən 449
şirkət iştirak edir. Bu il “Caspian Agro” sərgisi ağıllı kənd, süni
intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi
bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir.

Belarus Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinə
Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər,
aqrar sahəyə dövlət dəstəyi ilə bağlı ətraflı məlumat verilib.
Sərgi ziyarətçiləri aqrar sahə ilə bağlı innovativ həllər və
nailiyyətlərin nümayiş olunduğu Kənd Təsərrüfatı Nazirliyinə məxsus
pavilyonu, müxtəlif ölkələrin milli stendlərini ziyarət edib, yerli
və xarici şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış
olublar.
Qeyd edək ki, sərgidə Belarus Respublikasının milli pavilyonu
fəaliyyət göstərir. Eyni zamanda, sərgidə Belarus Respublikasının
həm kənd təsərrüfatı, həm də qida sənayesi sahələrində fəaliyyət
göstərən 42 şirkəti iştirak edir. Belarus şirkətləri tərəfindən
kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri
üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması
üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar
təqdim edilir.

Sərgi öz işini mayın 20-də də davam etdirəcək.

Teqlər: