Belarusdan Ukraynaya kəskin etiraz

Belarusdan Ukraynaya kəskin etiraz

Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Səfirə Ukrayna tərəfindən atılan raketlə bağlı kəskin etiraz bildirilib.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib ki, bu gün Belarus hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində Ukraynaya məxsus S-300 raketini vurub.

“Bu çox ciddi hadisədir. Belarus tərəfi məsələyə ciddi yanaşır. Bununla bağlı Ukraynanın səfiri İqor Kizim bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz edilib. Biz Ukrayna tərəfindən tələb etdik ki, raketin buraxılması ilə bağlı bütün hallar hərtərəfli araşdırılsın, cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün kompleks tədbirlər görülsün. Bu, hər kəs üçün fəlakətli nəticələrə səbəb ola bilər”, – Qlaz qeyd edib.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən hava hədəfinin vurulduğunu bildirmişdi. Vurulan hədəfin Ukraynaya məxsus S-300 raketi olduğu bildirilir.

Qeyd edək ki, Ukrayna Belarus ərazisinə düşən raket qalıqlarının Rusiyaya məxsus olduğunu açıqlamışdı.

Teqlər: