Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının arxitektura və tikinti naziri Ruslan Parxamoviçi qəbul edib.
Komitədən AzerTimes-a verilən məlumata görə, qonağı salamlayan Komitə sədri ölkələr arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, eyni zamanda şəhərsalma və tikinti sahəsində ikitərəfli və çoxtərəfli formatlarda mütəxəssislər səviyyəsində daim təcrübə mübadiləsinin aparıldığından məmnunluğunu ifadə edib. Daha sonra A.Quliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ermənistan təcavüzkarlarına qarşı aparılmış uğurlu anti-terror və sülhə məcburetmə əməliyyatı nəticəsində Azərbaycanın uzunmüddətli işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurulması məqsədilə görülən işlər, Komitənin ümumi fəaliyyəti və şəhərsalma sahəsində aparılan islahatlar barədə Belarus həmkarını məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkür edən nazir Parxamoviç ölkəmizlə qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykənən ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Belarus Respublikasının Şəhərsalma və Tikinti Nazirliyinin fəaliyyəti haqqında geniş məlumat verən nazir Azərbaycana Qarabağ regionunda aparılacaq tikinti-quruculuq işləri ilə əlaqədar dəstək göstərməyə, ölkəsinin layihəçilərinin və tikintinin təşkili üzrə ekspertlərinin şəhərsalma proseslərində iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyi arasında şəhərsalmanın planlaşdırılması, habelə layihələndirmə və tikintidə müasir informasiya texnologiyalarının tətbiqi sahələrində perspektiv əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələr və mümkün birgə layihələr müzakirə olunub.