BƏƏ-nin bankları, ikinci dərəcəli sanksiyalar riski səbəbindən Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Delovaya Rossiya”nın nümayəndələrinə istinadən məlumat yayıb.
“BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır”, – məlumatda deyilir.
İş adamlarının sözlərinə görə, BƏƏ bankları ilə bağlı problemlər ABŞ Prezidenti Baydenin 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı fərman verməsindən xeyli əvvəl başlayıb:
“Rusların problemləri 2023-cü il ərzində başladı və sentyabr ayından etibarən daha da çətinləşdi. Hazırda Rusiya şirkətlərinin hesab açması demək olar ki, mümkün deyil”.